Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olmuşdur. İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilmişdir. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olmuşdur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilmiş, onları dağıdaraq yer üzündən silməyə başlamışlar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilmişdir. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalmışdır ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınmışdır. Erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını ucdantutma dağıdırlar.
Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırım həyata keçirmişlər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdirmişlər.
Özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər, həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq “nümunəsi” göstərirlər.
Ağadədə qəbiristanlığı
1950-1980-ci illərdə Zəngibasar mahalının (indiki Masis rayonu) ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi.
Ora müsəlmanlarla yanaşı, bəzən xristianlar da ziyarətə gəlirdilər. 1950-ci illərə qədər burada ancaq bir qəbir olmuş, adamlar onu pir kimi ziyarət etmişlər. Deyilənlərə görə , gecələr bu yerdə işıq yanarmış, yaxınlaşanda itərmiş. 1950-ci illərdə orada bina tikiblər. Binanın ətrafında yanmış ağaclar vardı. Adamlar о ağacın kömüründən götürüb istifadə edir, şəfa tapırdılar. Get-gedə ətraf kəndlərdən, hətta İrəvan şəhərindən imkanı olan adamlar öz əzizlərini bu ocağın ətrafında yaranmış qəbiristanlıqda dəfn edirdilər. Təəssüf ki, Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra bu müqəddəs ocaq da ermənilər tərəfindən dağıdılmışdır.
Ağudi abidəsi
Ağudi abidəsi Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə, Ağudi-Sisyan yolunun kənarında yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır. Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. Meydançanın ətrafında kiçik hasara alınmış, uçulub dağılmış qəbir yerlərinin nişanələri son vaxtlara kimi saxlanılmışdı. İkinci mərtəbə yanlarda dördbucaqlı şəkilli iki sütundan və ortada səkkizbucaqlı şəkilli bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir. Ağudi kəndi Sisyan rayonunun ən qədim azərbaycanlı kəndlərindən biri idi. Ermənistan parlamentinin qərarı ilə Ağudi kəndinin adı dəyişdirilərək Aqitu qoyulmuşdur. Hazırda ermənilər bu abidəni qədim erməni abidəsi kimi qələmə verməyə çalışırlar.
Aşağı Şorca qəbiristanlığı
Aşağı Şorca İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar Basarkeçər (Vardenis) rayonunda yalnız azərbaycanlıların yaşadığı kənd olmuşdur. 1918-ci ildə ermənilər Aşağı Şorcada qırğınlar törətmişlər. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan mövcud olan bütün azərbaycanlı kəndləri tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. Hazırda digər azərbaycanlı kəndləri kimi, Aşağı Şorca kəndinin qəbiristanlığı da dağıdılmış və kənd xarabalığa çevrilmişdir.
Aşıq Ələsgərin qəbirüstü abidəsi. Basarkeçər rayonu
Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgər 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər nahiyəsinin (1969-cu ildən Vardenis rayonu) Ağkilsə kəndində anadan olmuşdur. Fitri şairlik istedadı olan Ələsgər böyük ustad Aşıq Alının şəyirdi olmuş, ondan aşıqlıq sənətinin sirlərini öyrənmişdir.
Aşıq Ələsgər dərin biliyə, böyük zəkaya, geniş dünyagörüşə malik bir sənətkar olmuşdur.
Məşhur rus şairi Yakov Polonski 19-cu əsrin 40-cı illərində Aşıq Ələsgərlə görüşmüş və onun haqqında "Закавказский Вестник" qəzetində xüsusi bir məqalə dərc etdirmişdir.
1918-ci ildə erməni silahlı dəstələri Göyçə mahalını işğal etmiş və Ermənistanda sovet hakimiyyəti qurulanadək Aşıq Ələsgər Kəlbəcər rayonunda qaçqınlıq həyatı yaşamışdır.
Aşıq Ələsgər 1921-ci ildə doğulduğu kəndə qayıtmış və 1926-cı ildə burada vəfat etmişdir.
1972-ci ildə aşığın 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş və onun məzarı üzərində qəbirüstü abidə ucaldılmışdı.
Ermənilər 1935-ci ildə Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoymuşlar.
1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıtmışlar.
Dəmirbulaq məscidi. İrəvan şəhəri
Vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi. Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bunlardan ikisi – Hacı Novruzəli bəy və Hacı Cəfər bəy məscidləri 1930-cu ildə İrəvan şəhərinin baş planının qurbanı olmuşlar. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. Həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır.
1988-ci il fevralın 23-də erməni vandalları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar.
1990-cı ildə Dəmirbulaq məscidi yerlə-yeksan edilmiş və yerində hündürmərtəbəli yaşayış binası tikilmişdir.
Əmir Səəd məqbərəsi. İrəvan şəhəri
İrəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, İrəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsidir. Əmir Səəd məqbərəsi Qaraqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən atasının məzarı üzərində ailə türbəsi kimi 1413-cü ildə inşa etdirilmişdir. Bu abidəni digər orta əsr abidələrdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, o kərpicdən deyil, yerli qırmızı tuf daşdan inşa edilmişdir.
İrəvandakı Göy məsciddə aparılan təmir-bərpa işlərindən sonra rəsmi İrəvan dairələri onu “İran məscidi” və yaxud “Fars məscidi” adlandırdıqları kimi, Cəfərabad kəndindəki orta əsrlərə aid məqbərəni də “Türkmən məqbərəsi” adlandırırlar.
Əmir Səəd məqbərəsi hazırda “türkmən əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda qorunan tarixi abidələr siyahısına daxil edilmişdir.
Cəfərabad kəndinin adını ermənilər 1946-cı ildə dəyişdirərək Arqavand adlandırmışlar.
Göy məscid. İrəvan şəhəri
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, 1765-ci ildə Hüseynəli xanın hakimiyyəti dövründə başa çatdırılmışdır. Həmin məscid 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyir. Onun ölçüləri 97,2 x 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fəvvarəli daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi. 1936-cı ildən Göy məscidin binasında İrəvan Şəhər Tarix Muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetari fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix Muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.
Güllübulaq qəbiristanlığı
Güllübulaq kəndi Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun ən böyük kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci il deportasiyasından sonra Güllübulaq kəndində Gürcüstanın Boqdanovka rayonundan gələn ermənilər məskunlaşmışlar.
Kənd Türkiyənin Qızıldaş (indiki Süngüdərəsi) kəndi ilə sərhəddə yerləşir. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı, və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi.
Kənddə məscid, pirlər və ziyarətgahlar mövcud olmuşdur.
Əhalinin özünəməxsus folkloru, adətləri var idi.
2007-ci ildə kəndin adını dəyişdirərək Bürakn qoymuşlar.
Hacı Novruzəli bəy məscidi. İrəvan şəhəri
İrəvan şəhərindəki Hacı Novruzəli bəy məscidi XVIII yüzilin 2-ci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. Məscid şəhərin Dəmirbulaq massivindəki Hacı Novruzəli məhəlləsində (indiki dəmiryol vağzalı rayonunda) yerləşdiyindən məhəllənin adı ilə Hacı Novruzəli bəy məscidi adlanmışdır. Bu məhəllədə XX yüzilin əvvəllərinə qədər bir nəfər də erməni yaşamamışdır. Hacı Novruzəli bəy məscidini tikdirən Qara Seyidin nəvəsi olmuşdur. Тək minarəli bu məscid XX yüzilin 30-cu illərində erməni vandalları tərəfindən dağıdılaraq məhv edilmişdir.
Rəcəb Paşa məscidi. İrəvan şəhəri
1724-cü ildə Osmanlı qoşunları İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə İrəvan qalasının içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə yəni Rəcəb Paşa məscidi adlandırılmışdı. Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi. İrəvan qalasının 1827-cil oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı.
Rəcəb Paşa məscidi 1930-cu illərdə İrəvan şəhərinin baş planına qurban olmuşdur.
Saral qəbiristanlığı
Saral kəndi İrəvan quberniyasının Aleksandropol qəzasının Böyük Qarakilsə nahiyəsində ən böyük kəndlərdən biri olmuşdur. Sonralar Hamamlı (Spitak) rayonunun tərkibinə daxil idi. Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək çayının sağ sahilində yerləşir. Kəndin ilk adı Sarallı olmuşdur.
1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri - azərbaycanlılar zorla Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Bundan sonra kənd qəbiristanlığı erməni vandalları tərəfindən dağıdılmışdır. 1991-ci ildə kəndin adını dəyişdirərək Nor Xaçakar qoymuşlar.
Səlim (Şah Abbas) Karvansarası
Səlim karvansarası Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonu ərazisində, Ələyəz dağının Səlim aşırımında, 2410 metr yüksəklikdə, Ağkənd (03.07.1968-ci ildən - Ağcanadzor) kəndinin yaxınlığındadır. Səlim aşırımının adı ilə Səlim karvansarası, el arasında isə Şah Abbas karvansarası adlanırdı.
Yonulmuş bazalt daşdan tikilmiş karvansara iki binadan ibarət idi. Uzunluğu 35,5 m, eni 5 m olan əsas bina şimaldan şərqə doğru uzanırdı. Uzunluğu 31,5 m, eni 14,7 m olan ikinci bina isə birinciyə perpendikulyar tikilmişdi.
Karvansaranın giriş qapısının üst hissəsində yarımdairə şəklində eni 2 m, orta hündürlüyü 1 m olan ərəb əlifbası ilə yazılan kitabədən məlum olur ki, karvansara Əbu Səid Xan Bahadur (söhbət Çingiz xanın varislərindən olub, 1316-1335-ci illərdə Elxani dövlətinin taxtında əyləşmiş Əbu Səid Xan Bahadurdan gedir) tərəfindən 1328-1329-cu illərdə tikilmişdir.
Karvansaranın yaxınlığında yerləşən Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamışlar. Bu kəndə ilk ermənilər yalnız 1923-1925-ci illərdə köçürülüb gətirilmişlər.
Ermənilər bu abidənin “erməni knyazı” Çesare Orbelyan dövründə inşa edildiyini iddia edərək, onu erməni abidəsi kimi qələmə verməyə çalışırlar.
Sərdar məscidi. İrəvan şəhəri
Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar məscidi”, yaxud “Abbas Mirzə məscidinin” adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır.
İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzənin şərəfinə yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır.
1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülmüşdür. Son vaxtlaradək Sərdar məscidinin 2-3 metr hündürlüyündə bir divarının qalığı qalmışdı. Ermənistan hökuməti məscidin qalığının şəkildə görünən hissəsini “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim etmişdir. Lakin erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişdir.
Təpəbaşı məscidi. İrəvan şəhəri
Məlumatlara görə, bu məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir. Onun evi də həmin məhəllədə olmuşdur. Hazırda erməni ailələrinin yaşadığı Abbasqulu xanın evini hələ də ermənilər “Xanın evi” adlandırırlar.
Təpəbaşı yaşayış massivində yerləşən məscidin minarəsi 1960-cı ildə uçurulmuşdur. Divarlarının qalınlığı 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışıb çay içərdilər. Hazırda məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər.
Zal xan məscidi. İrəvan şəhəri
İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Məscidin üzərində ərəb əlifbası ilə Azərbaycan dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Bu məscid 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi, və yaxud Şəhər məscidi adlandırmışdır. Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır.
İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.