XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlanmışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictımaiyyətini aldatmağa başlamışlar.
Tarixdə ilk erməni dövləti - 1918-ci il mayın 28-də də keçmiş İrəvan xanlığının ərazisində yaradılmışdır. 1923-cü il iyulun 7-də isə vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınmışdır.
Qarabağ ərazisində e.ə. II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri vardır. Bu ərazi e.ə. IV əsrdən – eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə Elxanilər (Hülakilər), Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində olmuşdur.
Sovet hökumətinin apardığı siyasət nəticəsində Qarabağın dağlıq hissəsində sayca çoxluq təşkil edən ermənilər, 1988-ci ilin əvvəllərində rəsmi Moskvanın bilavasitə təhriki ilə vilayəti Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-ə birləşdirmək niyyəti ilə separatçı-terrorçu çıxışlara başladılar. Bu çıxışlar bir qədər sonra silahlı münaqişəyə çevrildi. Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri, həmçinin Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal edilmişdi.
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdi. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ərazini əhatə edən ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur.
Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdi. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdı. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdu. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdi. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdi. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildi, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir.
Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.2024-cü il aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Bunlardan əlavə, Dağlıq Qarabağla və Ermənistanla həmsərhəd olan Ağcabədi rayonunda 1 kənd, Gədəbəy rayonunda 2 kənd, Tovuz rayonunda 8 kənd, Naxçıvan Muxtar Respublikasında 1 kənd Ermənistanın hərbi təcavüzü nəticəsində ziyan çəkmişdir.
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdi. Laçın və Kəlbəcər şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı. İşğal illərində erməni vandalları Ağdam və Füzuli şəhərlərini 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərinə bənzətmişlər.
Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.
1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (170 sırf azərbaycanlı və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılır.
İşğal illərində Azərbaycan torpaqlarında ermənilər azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesini həyata keçirirdilər. Ermənistan respublikasında bu gün də azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi erməni vandalları tərəfindən davam etdirilir. Erməni vandalları işğal müddətində Azərbaycan ərazilərindəki yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edərək Ermənistana daşıyırdılar. Beynəlxalq təşkilatlar isə bütün bunları görmək, erməni işğalına və erməni vandalizminə “Dur!” demək istəmirdilər.
“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.
İşğal müddətində talana məruz qalmış Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı 02.08.2001 tarixli qərarından çıxarış
Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı | Tarixi |
Yerləşdiyi ünvan |
Qutlu Musa oğlu türbəsi |
1314-cü il |
Ağdam rayonu, Xaçındərbətli kəndi |
Gəncəsər monastırı |
1216-1238-ci illər |
Ağdərə rayonu, Vəngli kəndi |
Xudavəng monastırı |
XIII əsr |
Kəlbəcər rayonu, Vəng kəndi |
11 tağlı Xudafərin körpüsü |
XI—XII əsrlər |
Cəbrayıl rayonu, Qumlaq kəndi |
15 tağlı Xudafərin körpüsü |
XIII əsr |
Cəbrayıl rayonu, Qumlaq kəndi |
Şuşa Tarix-Memarlıq Qoruğu |
XVIII-XIX əsrlər |
Şuşa şəhəri |
ARXEOLOJİ ABİDƏLƏR
Abidənin adı | Tarixi |
Yerləşdiyi ünvan |
Azıx mağara düşərgəsi |
Paleolit dövrü |
Xocavənd rayonu |
Tağlar mağara düşərgəsi |
Paleolit dövrü |
Xocavənd rayonu |
Üzərliktəpə yaşayış yeri |
Tunc dövrü |
Ağdam şəhəri |
Xocalı kurqanları |
Tunc-ilk dəmir dövrü |
Xocalı şəhəri |
Niftalı kurqanları |
Tunc dövrü |
Cəbrayıl rayonu |
İŞĞAL DÖVRÜNDƏ VANDALİZMƏ MƏRUZ QALMIŞ MUZEYLƏR
- Tarix Diyarşünaslıq Muzeyi. Xankəndi şəhəri.
- Dövlət Rəsm Qalereyası. Xankəndi şəhəri.
- Şuşa Tarix Muzeyi. Şuşa şəhəri.
- Üzeyir Hacıbəyovun ev muzeyi. Şuşa şəhəri.
- Bülbülün ev muzeyi. Şuşa şəhəri.
- Azərbaycan Xalçaçılıq və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Şuşa şəhəri.
- Qarabağ Dövlət Tarix Muzeyi. Şuşa şəhəri.
- Qarabağ Ədəbiyyat Muzeyi. Şuşa şəhəri.
- Mir Möhsün Nəvvabın ev muzeyi. Şuşa şəhəri.
- Dövlət Rəsm Qalereyası. Şuşa şəhəri.
- Ağdam Tarix Diyarşünaslıq Muzeyi. Ağdam şəhəri.
- Çörək muzeyi. Ağdam şəhəri.
- Qurban Primovun xatirə muzeyi. Ağdam şəhəri.
- Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi. Ağdam şəhəri.
- Ağdərə Tarix Diyarşünaslıq Muzeyi. Ağdərə şəhəri.
- Füzuli Tarix Diyarşünaslıq Muzeyi. Füzuli şəhəri, köməkçi fondun eksponatları.
- Xalq Tətbiqi Sənəti Muzeyi. Füzuli şəhəri.
- Hadrut Tarix Diyarşünaslıq Muzeyi. HadruT şəhəri.
- Qubadlı Tarix Diyarşünaslıq Muzeyi. Qubadlı şəhəri.
- Dövlət Rəsm Qalereyası. Qubadlı şəhəri.
- Laçın Tarix Diyarşünaslıq Muzeyi. Laçın şəhəri.
- Dövlət Rəsm Qalereyası. Laçın şəhəri.
- Sarı Aşığın xatirə muzeyi. Laçın rayonu. Güləbird kəndi.
- Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyi. Kəlbəcər şəhəri.
- Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyi. Cəbrayıl şəhəri.
- Zəngilan Tarix Diyarşünaslıq Muzeyi. Zəngilan şəhəri.