Cəbrayıl rayonu


Cəbrayıl rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 km2, əhalisi 81,7 min nəfərdir (1 yanvar, 2020-cı il). Mərkəzi Cəbrayıl şəhəridir. Rayon 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il sentyabrın 27-si-noyabrın 9-u tarixlərində Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edilmişdir.
Rayona Cəbrayıl şəhəri, Qumlaq, Xələfli, Xudafərin, Mahmudlu qəsəbələri və Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çapand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, Tinli, Qovşudlu, Hacı İsaqlı, Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Fuğanlı, Dəcəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Keçəl Məmmədli, Yanarxac, Alıkeyxalı, Maşanlı, Hasanlı, Mehdili, Çaxırlı, Minbaşılı, Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynalılar, Hacılı, Tulus, Dağ Tumas, Qarağac, Sofulu, Çələbilər, Dağ Maşanlı, Qazanzəmi, Söyüdlü, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, Göyərçin Veysəlli, Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Xanağabulaq, Çullu, Dərzili, Daş Veysəlli, Yuxarı Nüsus, Aşıq Məlikli, Niftalılar, Quşçular, Həsənqaydı, Mahmudlu, Cocuq Mərcanlı kəndləri daxildir.
Səthi, əsasən, maili düzənlik (İncəçöl, Gəyan çölü), şimalda alçaq dağlıqdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri).
İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutub. İşğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 40 klub müəssisəsi, 78 kitabxana, 8 xəstəxana, 11 həkim və 52 feldşer-mama məntəqəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr, Xudafərin körpüsü və s.) mövcud olub.


«Başıkəsik gümbəz» (Sərdabə)


Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən gümbəzin üstü açıq olduğuna görə «Başıkəsik gümbəz» adlanırdı. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilmişdi. İşğal müddətində erməni silahlı qüvvələri tərəfindən gümbəzin divarları bir neçə yerdən dağıdılmışdır. 23 oktyabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.


Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi


Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi 1980-ci il dekabrın 8-də yaradılmışdı. Bu müddət ərzində muzeydə Cəbrayıl rayonu ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı muzeyin təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün olmuşdur.
Muzeydə daşınması çətin olan bir sıra əşyalar, ümumilikdə 2 mindən artıq eksponat işğal dövründə ermənilər tərəfindən məhv edilmişdi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri işğaldan azad edilmişdir.


Cəmil Əhmədovun xatirə muzeyi


Cəbrayıl şəhərində anadan olan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyi Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi 1985-ci ildə yaradılmışdır.
Xatirə muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə rayonun ən qədim təhsil ocağı hesab edilən Cəmil Əhmədovun adına olan orta məktəbin həyətyanı sahəsində inşa edilmişdi. Ümumi sahəsi 100 kvadratmetr olan muzey üç otaqdan ibarət idi.
Cəmil Əhmədovun xatirə kompleksindəki büstü tanınmış heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanmışdır.
Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlamış, sonradan bu eksponatların sayı 800-ə çatdırılmışdı.
1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən bir qədər əvvəl Cəmil Əhmədovun xatirə muzeyindən çox az sayda eksponat Bakıya gətirilərək Muzey mərkəzinə təhvil verilmişdir. Həmin eksponatlar hazırda İstiqlal muzeyində qapalı şəraitdə saxlanılır. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri işğaldan azad edilmişdir.


Çələbilər kəndində məscid-mədrəsə


Cəbrayılın Çələbilər kəndində yerləşən tikintisi XVI əsrə aid olan məscid-mədrəsə Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə din xadimləri, alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs demişdir. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun işğalına qədər bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunmuş, ilkin formasına gətirilmişdi.
26 oktyabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.


Xubyarlı kəndində türbələr


Cəbrayıl şəhərinin şimalında Xubyarlı kəndində memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid «Dairəvi» türbə, XVI əsrə aid 8 guşəli türbə xüsusi təmir-bərpa briqadası tərəfindən Cəbrayıl rayonunun işğalından əvvəl tam bərpa olunmuşdu. Əldə olunan məlumatlara görə, bu abidələr də işğalçılar tərəfindən yerlə - yeksan edilmişdi. 30 oktyabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.


Xudafərin körpüləri


Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzədək qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır.
Körpülərin böyüyünün- bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən yüksək hündürlüyü 12 m, ən iri tağ aşırımı 8,7 m, ən kiçik tağ aşırımı 5,8 metrdir.
Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən aparılmışdır ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir.
On bir aşırımlı Xudafərin körpüsü isə çay axarının yuxarısında olub bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir.
Tədqiqatçılar bu körpünün XIII əsrin sonlarında antik körpü qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. On bir aşırımlı Xudafərin körpüsünün yalnız üç orta tağı salamat qaldığından el arasında “Sınıq körpü” adı ilə məşhurdur.
Ümumdünya əhəmiyyətli tarixi hadisələrə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həllinə və s. görə Xudafərin körpüləri universal dəyərli abidələrdir.
Transkontinental yollar, o sıradan Böyük İpək Yolu üzərində olduğundan Xudafərin körpüləri yüzillərcə yalnız ölkədaxili və ölkələrarası deyil, qitələrarası əlaqələrdə də faydalı olmuşdur.
1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Xudafərin körpüləri də əsirlikdə qalmışdı. 18-19 oktyabr 2020-ci ildə işğaldan azad edilmişdir.


Şıxlar türbəsi (Dairəvi türbə)


Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığında XIV əsrdə tikilmiş Şıxlar türbəsinin hündürlüyü 8 metrə, diametri 6 metrə yaxındır. Şıxlar türbəsinin günbəzinin yuxarı hissəsi erməni silahlı qüvvələrinin işğalı zamanı dağıdılmışdı. 22 oktyabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Ağoğlan nekropolu

ilk orta əsrlər

Cəbrayıl şəhəri

Karxulu kurqanları və yaşayış yeri

tunc dövrü

Karxulu kəndi

Çanqulu kurqanı

tunc dövrü

Mahmudlu kəndinin şimal-qərb tərəfində

Quştəpə kurqanı

tunc dövrü

Mahmudlu kəndinin şimal-qərb tərəfində

İmanqazan təpələri

tunc dövrü

Şıxlar kəndi

Şıxlar mağarası

daş dövrü

Şıxlar kəndi

Şıxlı kurqanları

son tunc dövrü

Şıxlar kəndi

İmamqazantəpə kurqanı

tunc dövrü

Şıxlar kəndi

Qaladağ qalaçası və yaşayış yeri

ilk orta əsrlər

Qalaçıq kəndi

Məsçidtəpə kurqanı

tunc dövrü

Qalaçıq kəndi

Qışlaq kurqanları və yaşayış yeri

tunc dövrü

Qışlaq kəndi

Hovuzlu kurqanları

son tunc və ilk dəmir dövrü

Hovuzlu kəndi

Çinlitəpə yaşayış yeri

ilk dəmir dövrü

Horovlu kəndi

Torağaytəpə yaşayış yeri

ilk tunc dövrü

Şükürbəyli kəndi

Divlər sarayı

daş dövrü

Çələbilər kəndi


Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Sultan Allahverdi hamamı

XIX əsr

Cəbrayıl şəhəri

Dairəvi türbə

XVII əsr

Xubyarlı kəndi

Səkkizguşəli türbə

XVII əsr

Xubyarlı kəndi

Dairəvi türbə

XIV əsr

Şıxlar kəndi

Qala qülləsi

 

Sirik kəndi

Qız qalası

XII əsr

Diridağ dağında

Sərdabə

XIII-XIV əsrlər

Dağtumas kəndi

Məscid

 

Çələbilər kəndi

Məscid

XIX əsr

Papi kəndi

Məscid

 

Daşkəsən kəndi

Məscid

XIX əsr

Məzrə kəndi

Məscid

XIX əsr

Süleymanlı kəndi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Köhnə qəbiristanlıq

orta əsrlər

Cəbrayıl şəhərinin şimal-qərbində

Köhnə qəbiristanlıq

XVII-XVIII əsrlər

Karxulu kəndi

Köhnə qəbiristanlıq

orta əsrlər

Sirik kəndi

Köhnə qəbiristanlıq

orta əsrlər

Diridağ dağında

Mağara

orta əsrlər

Dağ Tumas kəndi

Köhnə qəbiristanlıq

orta əsrlər

Şıxlar kəndi

Şəhərcik kəndinin xarabalıqları

orta əsrlər

Şıxlar kəndi

Duluzxana yaşayış yeri

orta əsrlər

Şıxlar kəndi

Hasanlı yaşayış yeri

orta əsrlər

Həsənli düzü

Qala yaşayış yeri

orta əsrlər

Sirik kəndi


BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

C. Əhmədovun ev muzeyi və heykəli

1985

Cəbrayıl şəhəri, İstiqlaliyyət küçəsi

Böyük Vətən müharibəsində həlak
olmuş həmvətənlərimizin xatirə abidəsi

1975

Cəbrayıl şəhəri, «Qartal» pavilyonunun yanı


DEKORATİV-TƏTBİQİ SƏNƏT NÜMUNƏLƏRİ (xalq daş-heykəltəraşlıq abidələri)

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Daş qoç fiqurları və süjetləri

orta əsrlər

Tarix-diyarşünaslıq muzeyinin qarşısında